Gularə Cəfər qızı Cabbarlı vəfat etmişdir
Gularə Cəfər qızı Cabbarlı vəfat etmişdir


Gülara Cəfər qızı Cabbarlı 1930-cu il fevralın 11-də Bakıda, görkəmli dramaturq, teatr və kino xadimi Cəfər Cabbarlının ailəsində anadan olmuşdur. 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq 1953-cü ildə ali təhsilini başa vurmuşdur. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi kimi işə başlamış, 1979-cu ildən C. Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyin olunmuşdur.O, prezident təqaüdünə layiq görülmüşdür.
C.Cabbarlının Bakıdakı ev-muzeyi Ümummilli Lider Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü ilə 1979-cu ildən fəaliyyətə başlamış, muzeyin rəsmi açılışı isə 1982-ci il martın 22-də, dramaturqun 80 illik yubileyi günündə gerçəkləşmişdir. Bu Muzey uzun illər Gülara Cabbarlının rəhbərliyi altında fəaliyyət göstərmişdir.
Görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığının tədqiqi və təbliğində, habelə muzeydə mütəmadi keçirilən ədəbi-bədii gecələrin, elmi konfransların təşkilində, respublikanın tanınmış ədəbiyyat, elm və incəsənət xadimlərinin xatirə günlərinin, yubileylərinin qeyd olunmasında Gülara xanımın böyük zəhməti olmuşdur. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi, qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz Gülara Cabbarlının gərgin əməyi və kollektivlə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə olunmuşdur. Fəaliyyəti dövründə onun muzeydə gerçəkləşdirdiyi layihələr sırasında yazıçının 100 illik yubileyi münasibətilə təsis olunmuş “Cəfər Cabbarlı Mükafatı”nı, yazıçının əsərlərinin toplandığı “Mənim tanrım—gözəllik”, “XX əsr Azərbaycan incəsənətinin inkişafında Cəfər Cabbarlının rolu” kitablarını, həmçinin ədibin öz sözlərinə özünün bəstələdiyi mahnılardan və şeirlərdən ibarət “Azad bir quşdum” adlı musiqi albomunu göstərmək olar.Həmçinin Muzeyin digər layihələrinə əsasən yazıçının bir neçə şeirinə ayrı ayrı bəstəkarlar müsiqilər bəstələmiş,həmin mahnılardan bəzilərinə klip çəkilişləri həyata keçirilmişdir. 2001-ci ildən Gülara xanım eyni zamanda “C.Cabbarlı adına mədəniyyət,elm və təhsilin inkişafına yardım İctimai Birliyi”nin rəhbəri olmuş , “Cəfər Cabbarlı Mükafatı” komissiyasına sədrlik etmişdir.
Gülara Cəfər qızı Cabbarlı 2018-ci il fevral ayının 12-də ürək xəstəliyindən vəfat etmişdir.Allah rəhmət eləsin!