Cəfər Cabbarlı Cümhuriyyət dönəmində (1918- 1920)

1918- ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini elan etdi, Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.Əsrlərdən bəri hüriyyətə, istiqlaliyyətə can atan xalq özünün müqəddəs arzusuna, niyyətinə qovuşdu. Bütün ziyalılar kimi Cəfər Cabbarlı da böyük tarixi hadisəni qürur, fəxarət hissi ilə qarşıladı.
Məlum olduğu kimi, C. Cabbarlı Azərbaycan Cümhuriyyəti dövründə parlamentdə stenoqrafçı vəzifəsində çalışmaqla yanaşı, ədəbi- mədəni mühitdə fəal iştirak edirdi. Fəal və coşqun yaradıcılığı ilə ictimaiyyətin diqqətini cəlb edən, dövlət quruculuğu prosesinə yaxından köməklik göstərən gənc Cabbarlı həqiqi vətənpərvər, istiqlal ideyalarına sadiq milli ruhlu türkçü idi. Ədəbi yarışlara və müsabiqələrə biganə qalmayan sənətkar zaman- zaman müxtəlif mövzularda qələmini sınamışdır.
Onun 1919- cu ilin ilk günündən bədii yaradıcılığında, xüsusilə poeziyasında vətənpərvərlik ruhu, ölkəyə, onun əsrarəngiz təbiətinə, zəngin sərvətinə və nemətinə, milli dövlətinə, azadlıq və istiqlal ideyalarına sevgisi güclü, tükənməz və təkrarsızdır.Gənc və istedadlı sənətkarımız Cəfər Cabbarlının Azərbaycanın milli bayrağına həsr etdiyi ilk şeiri “ Sevdiyim” adlanır. Milyonların sevdiyi, başı üzərində dalğalandıqca qürur hissi yaşadığı, könüllərə sevinc paylayan, zirvələrdə işıq saçmaq, Turan ellərini qucmaq istəyən bayrağın rənglərini müəllif sevə - sevə vəsf edir, onun qədim və böyük bir xalqın “ gözəlliklər tanrısı tək “ müqəddəs və əziz olduğunu vurğulayırdı.
Rəmuz ilə dörd bir yana işıq saçmaq istiyor,
Ara – sira tərpəniyor, yüksək uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi ğözlü, al duvaqlı sevdiyim.
C. Cabbarlı “ Azərbaycan bayrağına “ həsr etdiyi ikinci şeirində ona ünvanlanan haqlı, məzmunlu və gərəkli suallara cavab arayırdı. Mənalandırmaların bir qismi tarixi həqiqətlərə söykənsə də, bəzi yozumlar müəllifə məxsusdur.
Azərbaycan Cümhuriyyətinin bu dövlət atributuna saysız – hesabsız şeirlər, nəğmələr həsr olunsa da üç boyalı, ay və səkkiz guşə ulduzlu milli bayrağın simvolika açımını ilk dəfə poeziyaya gətirən Cəfər Cabbarlıdır. Onun “Azərbaycan bayrağına “ şeiri milli rəmzlərimizin ilk poetik əlifba dərsliyidir. Milli ruhlu Azərbaycan gəncliyinin maariflənməsində, ictimai şüurun oyanışında C. Cabbarlının poetik irsinin əhəmiyyəti danılmazdır. “ Sevimli Ölkəm “, “ Sevdiyim “, “ Azərbaycan bayrağına “ şeirləri, mövzusu, ideya istiqaməti, fonematik səslər sistemi, musiqiyə uyarlığı etibarilə milli himnin yaranması prosesində təməl, mərhələ missiyasını daşıyan layiqli sənət nümunələridir.

Azərbaycan bayrağına

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.
Şu görünüş bir ananın şəfqətinə oxşuyor,
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor.

Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək:
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
-Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
-Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
-Mədəniyyət bulmalı!
Səkkiz uclu şu ulduz da, səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
-Səhərlərə uçmuşdur!
Şu hilal da, türk bilgisi, düzgün sevgi nişanı,
-Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər- birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğrukəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın!
Cəfər Cabbarlı
“ Azərbaycan” qəzeti, 29 avqust 1919, № 263