Respublika elmi konfransında Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolundan söhbət açılmışdır

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” mövzusunda IV respublika elmi konfransı keçirilmişdir.

Elmi konfransda AMEA-nın Milli Azərbaycan Tarixi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeylərinin, akademiyanın Memarlıq və İncəsənət, Tarix, Əlyazmalar, Arxeologiya və Etnoqrafiya institutlarının, AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin turizm təhsili bölməsinin, UNİCER özəl məktəbinin alim və tədqiqatçıları iştirak etmişlər.

Tədbirin birinci bölməsinin iclasında muzeyin elmi işlər üzrə direktor müavini Nərgiz Əliyeva çıxış edərək artıq 4 ildir keçirilən konfransın əhəmiyyətindən danışmışdır.

Bildirilmişdir ki, iki bölmədə təşkil edilmiş builki konfransda dinləniləcək məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik tarixi, silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey bələdçiləri, muzey pedaqogikası sahələrini əhatə edir.
Konfransın birinci bölməsində iştirakçıların “Məktəb muzeyi: imkanlar və perspektivlər, “Gənc nəslin yetişməsində muzey pedaqogikasının rolu”, “Azərbaycanın görkəmli maarifçiləri - Vəlibəyovlar”, “Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadənin əsərlərində kəlağayı təsvirinin milli-mənəvi əsasları”, “Dövlət Bayrağı Muzeyinin dövlətçilik tarixinin təbliğində rolu”, “Milli Azərbaycan Tarixi Muzeyində qorunan Birinci Dünya müharibəsinə aid fotoşəkillər tarixi mənbə kimi”, “Cənubi Qafqazda erməni təcavüzü tarixi və onun muzey ekspozisiyasında nümayişi”, “Milli Azərbaycan Tarixi Muzeyində informasiya texnologiyalarının tətbiqi: problemlər və onların həlli yolları” və digər mövzularda məruzələri dinlənilmişdir.

Məruzələrdə Azərbaycan tarixi üçün aktual problemlərə toxunulmuş, gələcək nəsillərin tarixi keçmişimizə hörmət və məhəbbət ruhunda yetişməsində muzeylərin əhəmiyyəti diqqətə çatdırılmış, bir sıra təkliflər irəli sürülmüşdür.