“Bakı: qeyri-adi foto” adlı foto-müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Fotoqrafları Birliyi birgə fəaliyyət nəticəsində bir sıra uğurlu layihələrə imza atmışlar. Bu əməkdaşlığın əsas məqsədi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən bəhrələnib onu qorumaqdır. Foto sənətimizin təbliği və inkişafı məqsədilə müxtəlif işlər görülür, sərgilər, müsabiqələr, festivallar təşkil olunur.

Bu istiqamətdə həyata keçirilmiş tədbirlərdən biri kimi, 2013-cü ilin noyabr-dekabr aylarında tarix və mədəniyyət abidələrinin təbliği məqsədilə “Tarixə bir nəzər” adlı foto-müsabiqənin keçirilməsini qeyd etmək olar. Müsabiqəyə Bakı şəhərində yerləşən tarix və mədəniyyət abidələrinin fotoları qəbul edilmiş, qaliblər isə Yasamal rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş təqdimat mərasimində açıqlanmışdır. Bu ilin əvvəlindən etibarən İdarənin nəzdində fəaliyyət göstərən Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəz Azərbaycan Fotoqraflar Birliyi ilə birgə hər ay foto-müsabiqələr təşkil edir. Ayın mövzusu elan olunur (mart -”Novruz”, may –“Natryumort” və s.), bu mövzu çərçivəsində təqdim olunan işlərə baxış keçirilir, qalib müəyyənləşdirilib mükafatlandırılır. Bu layihə yeni başlayan gənc fotoqrafların həvəsləndirilməsinə, yeni istedadların aşkarlanmasına yönəldilmiş bir addımdır.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Azərbaycan Fotoqraflar Birliyi ölkəmizi müxtəlif beynəlxalq səviyyəli foto-müsabiqə, konkurs və festivallarda da uğurla təmsil edirlər. Azərbaycanın 2013-cü ilin mart ayında Belarus Respublikasının Minsk şəhərində keçirilmiş "Photoman-2013" beynəlxalq müsabiqəsində iştirakı da bu silsilədən olan tədbirdir. Məlumat üçün bildiririk ki, "Photoman-2013" beynəlxalq müsabiqəsi ŞƏRQ ƏMƏKDAŞLIĞININ AİLƏ ALBOMU “DIQQƏT GÜLÜMSƏ!” (SAY CHEESE!) layihəsi çərçivəsində keçirilirdi. “SAY CHEESE!” layihəsi Avropa Birliyi tərəfindən maliyyələşdirilən Şərq əməkdaşlığının “Mədəniyyət” proqramı çərçivəsində reallaşdırılır. Müsabiqə yeni başlayan və irəliləmiş foto həvəskarlara yönəlmiş və Şərq əməkdaşlıq ölkələrində gənc fotoqrafların həvəsləndirilməsinə, eyni zamanda Şərq əməkdaşlığının Photo-School.eu. birgə onlayn-foto məktəbinin pilot kursunun iştirakçılarının aşkarlanmasına xidmət edir.

Eyni zamanda 2014-cü ilin may ayında İdarənin əməkdaşları Rusiya Federasiyasının Çelyabinsk şəhərində işgüzar səfərdə olublar. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyası arasında 2013-cü ildə imzalanmış əməkdaşlıq memorandumuna əsasən ənənəvi dəyirmi masa keçirilmişdir. Səfər ərəfəsində nümayəndə heyəti bir çox görüşlər keçirmiş və V Beynəlxalq Foto Festivalın açılışında iştirak etmişlər.

Mədəniyyətin digər sahələri ilə yanaşı fotoqrafiya sahəsinin də inkişafını qarşıya məqsəd qoymuş Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi gənc fotoqraflara daima öz dəstəyini nümayiş etdirmək və onların potensialını üzə çıxartmaq üçün davamlı layihələr həyata keçirir. Bu sahədə növbəti layihə öz milli koloritinə və təkrarolunmaz gözəlliyinə görə dünyanın tanınmış şəhərləri içərisində layiqli yer tutmuş Bakı şəhərinin qədim və zəngin tarixinin qeyri-adi rakursdan təqdim edilməsi, habelə mədəni irsinin qorunması və təbliğ olunması məqsədilə keçirilmiş “Bakı: qeyri-adi foto” adlı foto-müsabiqədir.

Müsabiqə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə 2014-cü ilin mart-may aylarında təşkil olunub. Müsabiqənin məqsədi fotoqrafiya vasitəsi ilə doğma şəhərimizin müasirliyi ilə tarixilik baxımında yeniləndiyinin göstərilməsi, fotoqrafiya sənətinin incəsənətin yaradıcı növü kimi təbliğ olunması, eyni zamanda yeni istedadların cəmiyyətə təqdim edilməsidir.

Müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün 5 nəfərdən ibarət münsiflər heyəti yaradılmışdır. Müsabiqədə ümumilikdə 41 nəfər iştirakçının fotolarına baxılıb. Münsiflər heyəti bütün texniki şərtlərə, lazımi parametrlərə və mövzuya uyğun olan 20 nəfər iştirakçının 50 fotosunu seçib. Bunlardan 3 nəfər qalib seçilib, onlar Fəxri Fərman və pul mükafatları, 5 nəfər isə həvəsləndirici mükafatlar alacaq.

Müsabiqənin yekun nəticələri 13 iyun 2014-cü il saat 12:00 Müasir İncəsənət Mərkəzində keçiriləcək təqdimat mərasimində açıqlanacaq.

Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət kataloq hazırlanacaq və ilin sonunadək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrdə qaliblərin işlərindən ibarət səyyar foto-sərgilər təşkil olunacaq.