CƏFƏR CABBARLININ EV MUZEYİ  35 İL



Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakının yaxınlığındakı Xızı kəndində anadan olmuşdur.

Ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlayan Cabbarlı sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş, Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi şöhrət qazanmışdır.

Yazıçı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə etmiş, eyni zamanda istedadlı jurnalist, tərcüməçi və kino xadimi kimi də tanınmışdır.

Cəfər Cabbarlı çox az, 35 il yaşamasına baxmayaraq indiki nəsillərimiz üçün qiymətli ədəbi irs qoymuşdur.

Yazıçının vaxtı ilə yaşayıb- yaratdığı ev indi Ev Muzeyi kimi fəaliyyət göstərir. Cəfər Cabbarlının Ev Muzeyi ümummilli liderimiz Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü ilə 1979-cu ildən fəaliyyətə başlamış, muzeyin rəsmi açılışı isə 1982-ci il martın 22-də, dramaturqun 80 illik yubileyi günündə gerçəkləşmişdir. Bu il -2014-cü ildə muzeyin fəaliyyətə başlamasının 35 ili tamam olur.

CƏFƏR CABBARLININ EV MUZEYİ  35 İL


CƏFƏR CABBARLININ EV MUZEYİ  35 İL


CƏFƏR CABBARLININ EV MUZEYİ  35 İL


CƏFƏR CABBARLININ EV MUZEYİ  35 İL


CƏFƏR CABBARLININ EV MUZEYİ  35 İL



Keçən 35 il ərzində (1979-2014) muzey böyük yazıçı və dramaturq Cəfər Cabbarlının ədəbi irsinin öyrənilməsində xeyli iş görmüş,yazıçının yaradıcılığının fəal təbliğatçılarından biri kimi tanınmışdır.

Bu müddətdə muzeyin fondu xeyli zənginləşmişdir. 1979-cu ildə 57 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 10 000-dən artıq tarixi eksponat qorunub saxlanılır, yeni daxil olmuş materiallar hesabına daim zənginləşir.

Muzeyin ekspozisiyasında maraqlı eksponatlar, ədibin həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər,yazıçının sağlığında istifadə etdiyi özünə və ailəsinə məxsus şəxsi əşyaları, əl yazıları, məktublar, ədibin ayrı-ayrı tamaşalarına hazırlanmış səhnə maketləri, afişalar və maraqlı rəsm əsərləri nümayiş etdirilir.Həmçinin görkəmli şəxsiyyətlərin yazıçıya bağışladıqları hədiyyələr, Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər də ekspozisiyada yer alıb.

Muzeydə çalışan elmi işçilərin əməyi nəticəsində bu mədəniyyət ocağında mütəmadi olaraq maraqlı mövzulara həsr olunmuş ədəbi-bədii gecələr,elmi konfranslar təşkil olunur, bir sıra maraqlı layihələr həyata keçirilir.

Qeyd etmək lazımdır ki, Cəfər Cabbarlının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə ümummilli lider Heydər Əliyev cənabları 1999-cu ildə xüsusi sərəncam imzalamışdı və bu fərmanın muzeyin həyatında böyük rolu olmuşdur.Yubiley tədbirləri çərçivəsində C. Cabbarlının Ev Muzeyi bir sıra maraqlı layihələri həyata keçirmişdir.

2000-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi BP şirkətinin sponsorluğu ilə yazıçının əsərlərindən ibarət “MƏNİM TANRIM- GÖZƏLLİK” adlı kitabın nəşr olunmasına nail olmuşdur. Kitaba yazıçının müxtəlif illərdə nəşr olunmuş əsərləri ilə yanaşı,uzun müddət yasaq olunmuş və geniş oxucu auditoriyasına məlum olmayan pyesləri, hekayə, şeir, məqalə və məktubları toplanmışdır.Kitabın işıq üzü görməsi oxuculara Cəfər Cabbarlı Ev Muzeyinin böyük hədiyyəsi olmuşdur.

2001-ci ildə Cəfər Cabbarlı Ev Muzeyinin növbəti layihəsi əsasında “CƏFƏR CABBARLI MÜKAFATI” təsis edilmişdir.Mükafatın təqdimatı respublikamızın mədəni həyatında böyük hadisə idi və bu sahədə çalışan yaradıcı insanların, teatr və ədəbiyyat xadimlərinin böyük marağına səbəb olmuşdur. 2001-ci il dekabrın 9-da Mükafatın ilk təqdimat mərasimi böyük təntənə ilə həyata keçirilmişdir.

2001-ci ildə muzeyin layihəsi olan “XX ƏSR AZƏRBAYCAN İNCƏSƏNƏTİNİN İNKİŞAFINDA CƏFƏR CABBARLININ ROLU” kitabı çap olunmuşdur.Kitabda ədibin incəsənətin müxtəlif sahələrindəki işindən bəhs edilir, onun kino, tərcümə və musiqi sahələrindəki fəaliyyətindən danışılır,yazıçının həmin janrlarda yazdığı nümunələr haqqında məlumat verilir.( Müəllif muzeyin direktoru Qəmər Seyfəddinqızı.)

Muzeyin növbəti layihəsi əsasında 2001-ci ildə dramaturqun öz əsərlərinə özünün bəstələdiyi 5 mahnıdan ibarət “AZAD BİR QUŞDUM” adlı musiqi albomu işıq üzü görmüşdür. Musiqi albomuna yazıçının mahnıları ilə bərabər şerlərindən nümunələr də daxil edilmişdir.

Mahnılar dramaturqun “Almas”, ”1905-ci ildə”, ”Od gəlini”, ”Sevil” və “Yaşar” əsərlərindəndir.Musiqi parçalarını bəstəkar Vüqar Camalzadə yenidən aranjiman etmişdir. Mahnıları respublikanın xalq artistləri Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Nisə Qasımova və müğənni Rəşad İlyasov, şeirləri əməkdar artistlər İlham Əsgərov və Laləzar Mustafayeva ifa etmişlər.

Muzeyin növbəti işi sənətkarın “GƏRƏK GÜNƏŞ DAĞLARI AŞIB SÖNMƏYƏYDİ” (“Almas” əsərində Yaxşının mahnısı.Söz və musiqi C. Cabbarlı)) mahnısına klip çəkilişləri olmuşdur.(İfaçı:resp. xalq artisti Mələkxanım Əyyubova)
Bəstəkar Vüqar Camalzadə ilə birgə işlənən digər layihəyə əsasən yazıçının “Sevdiyim” şerinə musiqi bəstələnmiş və mahnıya klip çəkilişləri həyata keçirilərək tamaşaçıların ixtiyarına verilmişdir. Mahnı Azərbaycan bayrağına həsr edilmişdir.(İfaçılar resp.əməkdar artisti Fidan Hacıyeva və Fərid Əliyev.)

2008-ci ildə muzeyin layihəsi əsasında Cəfər Cabbarlının “OLMASIN” şerinə bəstəkar Emin Sabitoğlunun yazdığı mahnı xalq artisti Azər Zeynalovun ifasında ictimaiyyətə təqdim olunmuşdur. (aranjiman Vüqar Camalzadə)

“Cəfər Cabbarlı Mükafatı”nın 2010, 2012 və 2013-cü il təqdimatları muzey əməkdaşları tərəfindən uğurla həyata keçirilmişdir.
Muzey 2010-cu ildə, görkəmli dramaturqun 110 illiyi münasibəti ilə “Cəfər Cabbarlı Mükafatı”nın növbəti təqdimatını keçirmişdir.

Böyük yazıçının yubileyi çərçivəsində bu möhtəşəm Mükafatın təqdimatının yenidən keçirilməsi həm Cabbarlı yubileyinə, həm də respublikamızda fəaliyyət göstərən yaradıcı insanlara böyük hədiyyə idi. Mükafat “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi” və Cəfər Cabbarlı Ev Muzeyinin birgə layihəsi əsasında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi ilə təqdim olunmuşdur.

“Cəfər Cabbalı Mükafatı” 2012-ci il təqdimatını qardaş Tükiyənin Elazığ şəhərində həyata keçirmişdir. Professor Asif Rüstəmlinin Azərbaycanın görkəmli dramaturqu, türk dünyasının böyük şəxsiyyətlərindən olan Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr etdiyi “ Cəfər Cabbarlı Həyatı, sənəti və mücadiləsi” kitabı 2012-ci ildə Türkiyənin “Manas” nəşriyyatında işıq üzü görmüş,türk oxucularına təqdim olunmuşdur.

Mükafat komissiyasının qərarı llə 2012-ci il “Cəfər Cabbarlı Mükafatı”na Türkiyənin Firat Universitetinin alimləri- Prof. Dr. Ahmet Buran, Dr. Süleyman Kaan Yalçın və M. Şener Bulut layiq görülmüşlər. ”Cəfər Cabbarlı Mükafatı”nı sahiblərinə təqdim etmək C. Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddinqızına nəsib olmuşdur. (Türkiyə, Elazığ şəhəri, fevral, 2012-ci il)

2013-cü ilin növbəti “Cəfər Cabbarlı Mükafatı” Azərbaycan klassik ədəbiyyatıının görkəmli nümayəndəsi, böyük dramaturq , teatr və kino xadimi Cəfər Cabbarlının 114, Azəbaycan Teatrının 140 illiyi münasibəti ilə Cəfər Cabbarlının Ev Muzeyi, “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi”nin birgə layihəsi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi ilə 2013-cü ilin aprelində həyata keçirilmişdir.

2011-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi yeni layihəsini, dramaturqun müxtəlif ədəbi janrlarda yaratdığı bir sıra maraqlı nümunələrin toplandığı yeni kitabı- “TURAN ELLƏRİNƏ SALAM” kitabını ictimaiyyətə təqdim etmişdir.

Bu il il martın 20-də böyük dramaturqumuzun 115 yaşı tamam olmuşdur. Ədibin 115 illiyi münasibəti ilə muzeyin həyata keçirəcəyi layihələr sırasında Cəfər Cabbarlının dünya ədəbi nümunələrindən etdiyi tərcümə əsərlərindən ibarət “CƏFƏR CABBARLININ TƏRCÜMƏLƏRİ” kitabını xüsusi qeyd etmək istəyirik.

Ümid edirik ki, oxucularımızı tezliklə sevindirə biləcəyik. Həmçinin yubileylə bağlı yazıçının doğum gününün qeyd olunması, növbəti 2014-cü il “CƏFƏR CABBARLI MÜKAFATI”nın təqdimatının keçirilməsi,” ədibin doğulduğu Xızı şəhərində “ Cəfər Cabbarlı günü”nün qeyd olunması nəzərdə tutulmuşdur.

Diqqətə çatdırmaq istəyirik ki, muzeyin əməkdaşları bir sıra maraqlı layihələr üzərində çalışırlar və ümid edirik ki, tezliklə görülən işlər uğurla başa çatacaq və ictimaiyyətə təqdim olunacaqdır.

Cəfər Cabbarlının Ev Muzeyi