Cəfər Cabbrlının musiqiləri

Azərbaycan ədəbiyyatının görkəmli, dahi siması olan Cəfər Cabbarlı çox az, 35 il yaşamasına baxmayaraq indki nəsillərimiz üçün qiymətli ədəbi irs qoymuş, təkcə ədəbiyyatımız üçün deyil, bütövlükdə Azərbaycan mədəniyyəti və incəsənəti üçün əlindən gələni əsirgəməmişdir.
Yazıçı ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlamışdı. “Eşidənlərə” və “Şücaətim” adlı ılk şeirləri 1911-ci il 5 noyabr tarixində “Həqiqəti-əfkar” qəzetinin 2-ci nömrəsində dərc edilmişdi. Sonralar bir sıra lirik və satirik şeirlər yazsa da, yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirmiş, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının əsasını qoyanlardan biri kimi tanıtdırmışdır.
Cabbarlının Azərbaycan milli teatrının formalaşmasında, yeni prinsiplər üzərində qurulması və inkişafı yolunda göstərdiyi xidmətlər əvəzsizdir. Uzun illər keçməsinə baxmayaraq ədibin əsərləri indi də öz müasirliyini və aktuallığını itirməmiş, bu gün də teatrlarımız yazıçının əsərlərinə müraciət etməkdədirlər.
Dərin fitri istedadı, parlaq zəka və fövqəladə əmək ehtirası C. Cabbarlının yaradıcılığında birləşmişdi. Dramaturq teatrda işləməklə bərabər, demək olar ki, incəsənətin bütün sahələrində çalışırdı. Yazıçı Seyfəddin Dağlının Cabbarlı ilə bağlı fikirləri ilə desək, “ ...onun yaradıcılığı doğrudan da tükənməz dəfinədir. Təxminən 20 illik qısa dövrdə yazıçı lirik və satirik şeir, nəsr, dramaturgiya, tərcümə, kino və opera sahəsində çalışmış, əədəbiyyat və teatr sənətinə dair bir sıra məqalələr yazmışdır.”
Cəfər Cabbarlının müasirlərinin xatirələrindən, yaxınlarının verdiyi məlumatlardan əldə etdiyimiz faktlar bizə əsas verir ki, yazıçının musiqi ilə bağlılığı, bəstəkarlıq fəaliyyəti haqqında oxucularımıza bəzi məlumatları verək.
C. Cabbarlı musiqi vurğunu olmuş, xalq mahnılarını çox sevmişdir. Yəqin buna görədir ki, ədib öz pyeslərinin bəzilərinə özü bir neçə musiqi əsəri bəstələmişdir.
Böyük yazıçı ilə bir dövrdə yaşamış, onunla çiyin- çiyinə işləmiş görkəmli incəsənət ustalarının, teatr xadimlərinin, tanınmış ziyalıların Cəfər Cabbarlının həyatı, onun iş üsulları və yaradıcılıq vərdişləri haqqında bir sıra maraqlı xatirələri yazıçı ilə bağlı nəşr olunan kitablarda dəfələrlə oxucularımıza təqdim olunmuşdur. Həmin xatirələrdə dramaturqun musiqiyə olan dərin marağının və ciddi münasibətinin şahidi oluruq. Cabbarlının həyat yoldaşı Sona xanım öz xatirələrində yazırdı:
“ Cəfərin belə bir xasiyyəti var idi: bir pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikirləşirdi.Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü bir mahnı yaradırdı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı zümzümə edər, pianoda çalardı. Sonra pyesi yazmağa başlayardı. Məsələn, “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yarpağam ki”, “1905-ci ildə” əsərində Sonanın “Azad bir quşdum”, “Almas”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Yaşar”da Yaqutun “Sənin dərdindən” mahnıları belə yaranmışdır.
“Sevil”i yazmamışdan bir-iki ay qabaq belə bir mahnı oxuyurdu:

Sənə nə olub, zalım yar?
Qadan-balan alım, yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.

O, işdən gələndə, yatanda, işləyəndə həmişə bu mahnını oxuyardı. Bir dəfə ona dedim: bir mahnını oxuyarlar bir dəfə, üç dəfə; yoxsa səhər- axşam, axşam- səhər dilindən düşmür, bu nədir? Cəfər dedi: Sonası, sən bilmirsən, bir əsər yazacağam ki, onun mahnıllarını bütün xalq oxusun. Onda bilərsən ki, bu mahnı nə deməkdir”... Amma nədən, nə mövzuda əsər yazacağını bildirmədi” (Sona xanım Cabbarlı, “Onu kim unudar” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1969, səh.53-54)
Yazıçı daim musiqi ilə səhnənin ayrılmazlığını sübut etməyə çalışmış və buna nail olmuşdur.
Görkəmli səhnə ustası Süleyman Tağızadənin C. Cabbarlı haqqındakı xatirələrinə nəzər salaq:
“Heç yadımdan çıxmaz. 1931-ci il idi. Teatr Texnikumuunu yenicə bitirmişdim. Məni indiki Azərbaycan Dövlət Akademik Dram Teatrına aktyor təyin etmişdilər. Səhər saat on birin yarısı idi. Teatrın foyesində gəzişirdim. Bu vaxt Cəfər Cabbarlı mənə yaxınlaşıb:
- Yoldaş Tağızadə, tar çalmaq bilirsinizmi?- deyə soruşdu.
- Xeyr, bilmirəm.
- Çox təəssüf,- deyə o, məndən ayrılıb pillələrlə yuxarı çıxmağa başladı.
Bu söhbət məni çox maraqlandırdı. Ertəsi gün C. Cabbarlının kabinetinə gedib soruşdum:
- Cəfər qardaş, sizin mənə verdiyiniz sualın səbəbini bilmək istəyirəm.
- Mən sənə bir rol yazırdım, təəssüf ki, tar çalmaq bilmirsən.
- Cəfər qardaş, məktəbi yenicə qurtarıb gəlmişəm, tar almağa imkanım yoxdur. Əgər tarım olsaydı, sizin arzunuzu yerinə yetirərdim.
Cəfər bir söz demədi. Saat üçdə, məşqi qurtarana yaxın xidmətçi qadın mənə yaxınlaşıb dedi:
- Yoldaş Tağızadə, Cəfər Cabbarlı səni çağırır.
Getdim. Cəfər bir söz demədən ayağa durdu və:
- Gedək!- dedi.
- İndiki Sabir bağının yanındakı meydanda musiqi alətləri satılan mağaza var idi. Mağazaya girdik. Satıcı Cəfəri tanıdı və:
- - Cəfər yoldaş, nə istəyirsiniz?- deyə soruşdu.
- - Mənə bir yaxşı tar ver!
Satıcı bir tar gətirib Cəfərə uzatdı.
Cəfər tarın simlərini mızrabla cingildətdikdən sonra kassaya yaxınlaşıb tarın pulunu verdi və tarı alıb, mənə uzatdı. “Yəqin ki, tarı küçə ilə əlində aparmağa utanır”, -deyə düşündüm.
Biz mağazadan çıxıb yolumuza davam etdik. İndiki Azərbaycan Dövlət Universitetinin qabağında 2 nömrəli tramvay dayanacağı var idi. Cəfər mənimlə xudahafisləşib tramvaya doğru yönəldi.
- Cəfər qardaş, tarınız qaldı,- deyə onu səslədim.
Cəfər qayıtdı.

Cəfər Cabbrlının musiqiləri


“1905-ci ildə” əsərindən foto

Baxşı rolunda -S. Tağızadə

-Deyirdiniz ki,tarım yoxdur, tar olsa, çalmağı öyrənib, sizin arzunuzu yerinə yetirərəm. Bu da tar. Mən bunu sənə yadigar verirəm. Necə dyərlər, bu meydan, bu da şeytan. İndi öyrən,- deyə o, ikinci dəfə xudahafisləşib, məndən ayrıldı.
Bir tərəfdən böyük dramaturqun mənim üçün yazdığı rol, diğər tərəfdən bu hədiyyə məni son dərəcə sevindirdi. Evə gəldim və o gündən tar çalmağı öyrənməyə başladım. Bir neçə vaxtdan sonra teatrda Cəfər Cabbarlıya dedim:
- Cəfər qardaş, mən bir qədər öyrənmişəm. Əsərdə çalacağım havanı bilsəydim, pis olmazdı.
O, Əfrasiyab Bədəlbəyliyə zəng etdi və dedi ki:
- Sabah saat üçdə teatrda, mənim yanımda olarsan.
Ertəsi gün saat üçdə Əfrasiyab, mən və Cəfər Cabbarlı bir yerə toplaşdıq. Cəfər Əfrasiyaba dedi:
- “Azad bir quşdum” mahnısını Tağızadəyə öyrətmək lazımdır.
- Cəfər mahnının havasını zümzümə edib, notu yazmağı Əfrasiyab Bədəlbəyliyə tapşırdı.
Bir müddət bu havanın üzərində işlədim və nəhayət Cəfərin istədiyi kimi çalmağa müvəffəq oldum. Əsər meydana çıxdı” (S. Tağızadə “Unudulmaz xatirə”. “Cəfər Cabbarlı haqqında xatirələr, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1969, səh.142-143, “Böyük sənətkar”, “Gənclik, Bakı, 1976, səh.150-151)
Cəfərin yazdığı bu mahnı “1905-ci ildə” əsərində Baxşının tarda çaldığı “Azad bir quşdum” mahnısı idi.
Həmin hadisənin canlı şahidləri olan tanınmış teatr xadimlərinin bir- birindən xəbərsiz olaraq məhz bu hadisə ilə bağlı danışdıqları xatirələr ayrı- ayrı illərdə mətbuatda işıq üzü görmüşdür. O dövrdə teatrda Cəfərlə çalışan tanınmış aktyor Məcid Şamxalovun bu hadisə ilə bağlı xatirəsində oxuyuruq:
“ Yadımdadır, “1905-ci ildə” Sona ilə Baxşının səhnələrini o şəxsən özü məşq edirdi. Baxşı rolunu Süleyman Tağızadə oynayırdı. O, rolda tar çalmalı idi. Cəfər Süleymana tar aldı və öz xərcinə müəllim tutub onu tar çalmağa hazırladı. Əsərdə Sonanın yanıqlı bir havası var:

Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm
Bu gənc yaşımda.

Musiqisini şəxsən Cəfərin özünün bəstələdiyinin şahidiyəm.

Cəfər Cabbrlının musiqiləri


C. Cabbarlı, aktyorlar- Məcid Şamxalov və Sona Hacıyeva ilə


Cəfər mahir dramaturq olmaqla bərabər, incəsənətin bütün incəliyini dərindən duyan təkmil şəxsiyyətdi.” (Məcid Şamxalov “Dramaturgiyamızın parlaq ulduzu”,“Ədəbiyyat və incəsənət” qəzeti, 19 mart 1982-ci il)
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əlyazmaları şöbəsində xalq artisti Süleyman Tağızadənin yuxarıda diqqətə çatdırılan “Unudulmaz xatirə” adlı çox qiymətli xatirə yazısının ərəb əlifbası ilə əlyazması (inventar nömrəsi 483) və böyük dramaturqun aktyora hədiyyə etdiyi tar qorunub saxlanılır. Məhz elə aktyorun “Unudulmaz xatirə”sində bu məsələlərə geniş aydınlıq gətirilərək,həm yazıçının “1905-ci ildə” əsərində Baxşı obrazı üçün (Baxşı rolunun ifaçısı Süleyman Tağızadə üçün) şəxsən aldığı tar haqqında və bu rol üçün yazmış olduğu “Azad bir quşdum” mahnısının yazılma tarixçəsi barədə məlumat verilir. Həmin xatirə yazısı S. Tağızadə tərəfindən ona bağışlanan tarla bərabər 1959-cu ildə dramaturqun 60 illiyi münasibəti ilə N. Gəncəvi adına Ədəbiyyat Muzeyində təşkil olunmuş sərgiyə təqdim olunub. ”Unudulmaz xatirə” müxtəlif illərdə bir neçə dəfə nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir.

Cəfər Cabbrlının musiqiləri


Aktyor S. Tağızadənin “Unudulmaz xatirə”sinin əlyazmasının foto-surəti


Görkəmli alim, C. Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçılarından olan akademik M.A.Dadaşzadənin elmi əsərində, uzun müddət Azərbaycan Dram Teatrında işləmiş tanınmış teatr xadimi rejissor A.A. Tuqanovun Cabbarlı haqqında yazdığı xatirələrdə dramaturqun “Dönüş” əsərində Turacın mahnısınınn, V. Şekspirin “Hamlet” faciəsində (tərcümə C. Cabbarlınındır) marşların musiqisinin Cabbarlıya aid olması qeyd olunaraq həmin mahnıların nota salınmaması və ya notların itməsi barədə təəssüflə məlumat verilir.
Professor M.Arif yazırdı: “... Bəzən ədib mahnını hətta öz əsərinin ana xətti, leytmotivi kimi alır. Yuxarıda göstərdiyimiz kimi, Cabbarlı yeni bir pyes üzərində işləməyə başlayanda çox vaxt əvvəlcə orada işlədəcəyi əsas mahnılardan birini hava ilə oxuyub təkrar etməklə məşğul olurdu. Bu hal onun üçün, demək oar ki, bir yaradıcılıq üsuluna çevrilmişdi. Mahnılara belə xüsusi əhəmiyyət verdiyi üçündür ki, Cabbarlının mahnıları səhnədə səmimi səslənir, əsərin ideyasını açmağa kömək edir, tamaşaçıların böyük məhəbbətini qazanırdı.
Cabbarlının mahnıları, əksəriyyətlə, xalq mahnılarına yaxın ruhda, sadə və aydındır. Bu da onların əsərə xüsusi bir təbiiliklə, üzvi surətdə bağlanmasına səbəb olur.( M. Arif “Seçilmiş əsərləri”, 2-ci cild, Azərb.SSR EA Nəşriyyatı, Bakı,1969-cu il, “C. Cabbarlının yaradıcılıq yolu” səh.244-245)
M. Arif Cabbarlının “Dönüş” əsəri haqqında yazırdı: “Arvadı Sona Cabbarlıya göndərdiyi məktubda ədib bu barədə belə yazmışdı: bir balaca pyes yazmağa başlayacağam. Burda qurtara bilməsəm, gerisini gəlib bağda qurtaracağam... Məzmununu sən bilirsən; istəyirsən yadına salım:

Hicrində zarəm
Biixtiyarəm,
Dərdindən ey gül,
Mən biqərarəm.
Mən bir bağa girmişəm.
Gözəl bir gül görmüşəm.
Ona könül vermişəm,
Biixtiyarəm...

Cəfər Cabbrlının musiqiləri


Cəfər Cabbarlı piano arxasında

Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi “balaca pyes” – “Dönüş” pyesi idi. Sona Cabbarlının dediyinə görə, Cabbarlı hər bir yazacağı əsərin əvvəlcə əsas mahnısını hazırlar və evdə tez- tez təkrar edib, hava ilə oxuyarmış. Bu mahnılar əsərdən çox əvvəl yaranaraq, leytmotiv halında inkişaf edər və nəhayət əsər yazıldığı zaman orada öz yerini taparmış. Məktubda xatırladılan nəğmə son zamanlarda onun evdə tez- tez oxuduğu nəğmələrdən biri idi. ( M.Arif “Seçilmiş əsərləri”,2-ci cild, səh. 186- 187)
Dramaturqun yaxın dostu, rejissor A.A.Tuqanovun xatirələrindən: “ Bəstəkar Mailyanın musiqisi Cəfər Cabbarlının motivləri əsasında yazılmışdı. Bu musiqini, xüsusən matəm marşını mən bəstəkar Mailyanın dəfn mərasimində xatırladım. O zaman “Hamlet”in marşını eşidən yoldaşlar da bunu xatırlayırlar. Təəssüf ki, bu notlar saxlaılmamışdır, onları tapmaq çətindir. Bütün musiqi muğamat əsasında yazılmlşdı.” (A.A. Tuqanov “Cəfər Cabbarlı haqqında xatirələr”, 1944-cü il)
Beləliklə, “Hamlet” tragediyasındakı hadisələr Danimarkadan naməlum bir Şərq şəhərinə köçürülmüşdü. Işin gedişi ilə həvəslənən Cabbarlı artıq mütərcimlikdən “çıxmış”, rejissor müavini omuşdu. Tamaşanın musiqisini də Cabbarlının göstərdiyi motivlər əsasında bəstəkar Mailyan yazmışdı.” ( M.Arif “Seçilmiş əsərləri” 2-ci cild, səh.117)
Çox zəngin, hərtərəfli yaradıcılığa və fenomenal istedada malik olan bir şəxsiyyətin, Cəfər Cabbarlıbnın vaxtı ilə öz əsərlərinin bir neçə qəhrəmanı üçün mahnı bəstələməsi yazıçının yaradıcılığına yaxşı bələd olmayanlara təəccüblü görünsə də ədibin musiqi yaradıcılığı barədə mətbuatda və müxtəlif ədəbiyyatlarda lazımi qədər məlumatlar işıq üzü görmüşdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun professoru, filologiya elmləri doktoru, C. Cabbarlı əsərlərinin tanınmış tədqiqatçısı Asif Rüstəmlinin “Faktsızlıq sindromu” adlı məqaləsində ( A. Rüstəmli “Susmaz duyğuların səltənətində” Bakı, “Elm, 2002-ci il) bu məsələ ilə bağlı geniş araşdırma aparılmış, bəzi suallara müəyyən aydınlıq gətirilmişdir.
Qeyd edək ki, musiqi haqqında çox geniş məlumata və gözəl musiqi duyumuna malik olan, həm Azərbaycan, həm də Avropa musiqisini dərindən dərk edən istedadlı yazıçının lirik və vətənpərvərlik ruhunda yazılmış daha bir neçə mahnısının olması haqqında müxtəlif mənbələrdən məlumatlar almaq olar. Lakin bu nəğmələr də nota salınmadığı üçün itdiyi güman edilir.
Cəfər Cabbarlının mahnılar bəstələməsi onu yaxından tanıyan qohumlarına, dostlarına yaxşı məlum idi. Yazıçını xatırlayanlar onun az bir zamanda gördüyü nəhəng işlərdən bəhs edərkən istər- istəməz yazdığı mahnıları da yada salaraq öz xatirələrində bu barədə məlumatlar vermişlər. Dramaturqun yaxın dostu Mirzə Bala Məhəmmədzadə mühacirətdə ikən Cəfər Cabbarlının ölümünün 3-cü ildönümü münasibəti ilə yazırdı:
“ Cəfər intişar etməmiş, fəqət yolda, dərsdə, işdə daima təkrar etdiyi şeirində diyor ki:
Türk sağ ikən yurduna əl vurulmaz,
Ölsə də zəncir daşımaz, qul olmaz.
Ölkə bənim, vatan bənim, yurt bənim,
Arş irəli, arş irəli askerim.”
“ Cəfər qəhrəmanlıq, yurdsevərlik, milliyyətçilik təlqin edən sözlərlə birlikdə,motivi də kendisine aid olan digər bir şarkısında diyordu ki:

Kafkasyanın dumanlı dağlarında,
Oynaşarak koşuyor.
Dört bir yana aşıyor,
Azərbaycan askeri.
Od yurdunun hüdudların düşmənlərdən
Sarsılmadan koruyor,
Aslan kibi ölüyor, Azərbaycan askeri.
Arş irəli, arş irəli Azərbaycan.
Marş irəli, marş irəli
Yaşasın Azərbaycan!

Cəfərin oynaq, şaqraq, şən və coşqun bir motiv üzərinə söylənmiş və qeyri mətbu bulunan bu şarkısında milliyyətçiliklə yurdçuluq, Azərbaycançılıqla Kafkasiyaçılıq mükəmməl bir surətdə telif edilmişdir.”( Mirzə Bala. Cəfər Cabbarlı (vəfatının 3-cü ildönümü münasibətilə. “Kurtuluş” məcmuəsi, Berlin, 1938, yanvar, №39, səh.18).
Bir sıra mənbələrdən əldə olunan məlumatlar Cəfər Cabbarlının doğrudan da mahnılar bəstələməsini təsdiqləyir. Yazıçının qısa bir vaxt ərzində yaratdıqlarına- teatr, kino, tərcümə, jurnalistika, opera və teatrşünaslıq sahəsində gördüyü ağlasığmaz nəhəng işlərə bir də bəstəkarlıq yaradıcılığını əlavə etsək, belə qənaətə gələ bilərik ki, Cəfər Cabbarlı əsil sənət fədaisi, xalqının maariflənməsi yolunda canını əsirgəməyən, Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı üçün ömrünün sonuna qədər çalışan dahi bir şəxsiyyət olmuşdur.

Qəmər Seyfəddinqızı
Cəfər Cabbarlının Ev Muzeyinin direktoru